Ağdam rayonu


Ağdam rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalıqlarının cənub-qərbində yerləşir. Sahəsi 1150 km2, əhalisi 180 600 nəfərdir (01.01.2011). Mərkəzi Ağdam şəhəridir. Ağdam şəhəri və rayonun əksər hissəsi 23 iyul 1993-cü il tarixindən erməni işğalı altındadır.
Rayona Ağdam şəhəri, Quzanlı qəsəbəsi, 17 yeni salınmış qəsəbə (Quzanlı, Ayaq Qərvənd, Xındırıstan, Ergi, Alıbəyli-1, Alıbəyli-2, Bənövşələr-390, Bənövşələr-70, Səfərli, Baharlı, Dörd yol-1, Dörd yol-2, Təzəkənd, Qasımbəyli, İmamqulubəyli, Quzanlı-1, Quzanlı-689) və Şotlanlı, Şurabad, Umudlu, Qasımlı, Qurdlar, Şelli, Poladlı, Şıxbabalı, Muğanlı, Papravənd, Qarapirimli, Qullar, Qaradağlı, Gülablı, Abdal, Novruzlu, Kəngərli, Şirvanlı, Qaraqaşlı, Yusifcanlı, Göytəpə, Cəvahirli, Kosalar, Abdunlu, Sırxəvənd, Qaraşlar, Bəşirlər, Məlikli, Bas Güneypəyə, Yeni Qaralar, Xatınbəyli, Sarıcalı, Dadaşlı, Həsənxanlı, Kökəltmə Birliyi, Qazancı, Açarlı, Qarazeynallı, Orta Güneypəyə, Ballıqaya, Quzanlı, İmamqulubəyli, Çullu, Eyvazlı, Üçoğlan, Alıbəyli, Kiçikli, Ballar, Baharlı, Ortaqışlaq, Böyükbəyli, Qaradağlı, Rzalar, Evoğlu, Zəngişalı, Mahrızlı, Əfətli, Hacıməmmədli, İsalar, Küdürlü, Hacıturanlı, Qəhrəmanbəyli, Məmmədbağırlı, Çəmənli, Şükürağalı, Xındırıstan, Sarıçoban, Paşabəyli, Baharlı, Bəybabalar, Baş Qərvənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Mirəşəlli, Kolqışlaq, Yusifli, Kəlbəhüseyinli, Birinciyüzbaşılı, İkinciyüzbaşılı, Seyidli, Sarıhacılı, Bozpapaqlar, Qiyaslı, Keştazlı, Ətyeməzli, Əlimədədli, Əliağalı, Qalayçılar, Xaçındərbətli, Mollalar, Kürdlər, Cinli, Maqsudlu, Eyvazxanbəyli, Şişpapaqlar, Tərnöyüt, Talışlar, Çullu, Təpəməhlə, Şahbulaq, Tükəzbanlı, Salahsəmədlər, Xıdırlı, Əhmədavar, Çuxurməhlə, Güllücə, İlxıçılar, Suma, Tağıbəyli, Boyəhmədli, Qızıllı Kəngərli, Salahlı Kəngərli, Sofulu, Bağbanlar, Saybalı, İsmayılbəyli, Pirzadlı, Muğanlı, Şıxlar, Nəmirli, Təzəkənd, Məlikli, Mərzili kəndləri daxildir.
Rayonun relyefi, əsasən, düzənlik, qismən dağlıqdır. İşğaldan əvvəlki dövrdə Ağdam rayonunda taxılçılıq, üzümçülük, pambıqçılıq, heyvandarlıq və baramaçılıq inkişaf etmişdir.
İşğaldan əvvəl rayonda 148 ümumtəhsil məktəbi, orta ixtisas musiqi məktəbi, 24 klub, Dram teatrı, Muğam məktəbi, Çörək muzeyi, şəkil qalereyası, tarix-diyarşünaslıq muzeyi, Qurban Pirimovun ev-muzeyi, 69 səhiyyə müəssisəsi fəaliyyət göstərmişdir.


Ağdam Cümə məscidi


Məscid memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilmişdir Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirib ona düzbucaqlı forma vermişdir. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Sadə bəzəkli mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayı Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılmışdır.
Memar Kərbəlayı Səfixan Qarabaği orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə və Qarabağın memarlıq — inşaat təcrübəsinə uyğun özünəməxsus məscid obrazı yaratmışdır.
1993-cü ilin iyul ayında Ağdamın ermənilər tərəfindən işğalı zamanı Cümə məscidi də digər tikililər kimi dağıdılmışdır.


Ağdam Çörək muzeyi


1983-cü il noyabr ayında fəaliyyətə başlayan Ağdam Çörək muzeyi dünyada ikinci, SSRİ-də isə birinci və yeganə çörək muzeyi idi. Bu muzeydə toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər mövcud olub.
Muzeyin özünün çox maraqlı tarixçəsi var. Belə ki, şəhərin tam mərkəzində xarabaya çevrilmiş köhnə bir dəyirman olub. Müharibənin ağır illərində bu dəyirman Ağdamın yeganə çörək təknəsinə çevrildiyindən ora müqəddəs bir məkan kimi baxır, ona toxunmağı yolverilməz hesab edirdilər. Sonradan bu dəyirmanın Çörək muzeyi kimi fəaliyyət göstərməsi ideyasını hamı bəyəndi. Məşhur seleksiyaçı alim, akademik İmam Mustafayev muzeyin eksponatlarını şəxsi taxıl kolleksiyası hesabına zənginləşdirmişdir. Yüzə qədər xalqın çörək nümunələri əldə edilmişdi. Leninqrad blokadasının iştirakçısı olmuş bir rus qadını muzeyin sorağını eşidəndə ölüm həddində belə yeməyib saxladığı, kömürləşmiş yüz əlli qramlıq çörək payını gətirib muzeyə vermişdi. Kosmonavt şəhərciyindən çörək nümunələri göndərilmişdi. Muzeyə qısa müddətdə iki minə yaxın taxıl nümunəsi toplanmışdı.
1992-ci il avqust ayının 12-də ermənilərin atdığı “Qrad” mərmisi Agdam Çörək muzeyinin fəaliyyətinə son qoydu. Hazırda xaraba qalan bu muzeyin şəklini xarici jurnalistlər çəkərək müxtəlif saytlarda yerləşdirmişlər.


Çay evi


Ağdam şəhərində “Çay evi”nin açılış mərasimi 1986-cı ilin iyulun 26-da keçirilmişdir. Layihənin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov idi. Ağdam işğal edilən zaman Çay evi tamamilə dağıdılmışdır.


İmarət qəbiristanlığı


XVIII - XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Türbələrin önündə həmçinin, Xurşidbanu Natəvanın büstü qoyulmuşdur


Qutlu Musa türbəsi


Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünə aid xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında “Sarı Musa türbəsi” adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə türbənin inşası 15 iyul 1314-cü ildə tamamlanmışdır. Görünür, Azərbaycanın o dövrdəki Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhurlaşmış, həmin ərazidə mövcud olan kənd Xaçın Türbətli adlandırılmışdır. Qutlu Xacə Musa oğlu türbəsi Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik həcm kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Aran memarlığının, özəlliklə də Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunmuşdur. Qutlu Xacə Musa oğlu türbəsinin alt sərdabə və üst kameradan ibarət ikiqatlı quruluşu var.
1993-cü ildə Ağdamın işğalından sonra ermənilər türbədəki divar rəsmlərini və divar daşları üzərindəki yazıları pozub yerinə kiçik xaç şəkilləri və erməni yazıları həkk ediblər.


Pənahəli xanın imarəti


Pənahəli xan imarəti adı ilə tanınan abidə Ağdam şəhəri yaxınlığında olub, dağınıq şəkildə dövrümüzə gəlib çatmış iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil imiş. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan — Nadir şahın xidmətindən uzaqlaşıb Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. İmarətin bir-birinə perpendikulyar şəkildə inşa edilmiş binaları dəbdəbəli xan iqamətgahı olmayıb, XVIII əsrin Qarabağ bölgəsi zənginlərinin yaşayış evləri kimidir. Bu evlər baş fasadları ilə həyətə açılırmış.
İmarətin nisbətən böyük ölçülü əsas binası planda bir qədər mürəkkəb konfiqurasiyalı olub, müxtəlif ölçülü otaqlardan ibarətdir. Bu birmərtəbəli evdə eyvanlı salon mərkəzi mövqe tutur.
Eyvanlı salona yanlardan sərbəst girişləri olan iki otaqdan ibarət həcmlər birləşmişdir. Otaqlar tağbəndlə örtülüdür.
XVIII əsrin maraqlı yaşayış evi olan bu binanın uzunluğu 16 metri keçən baş fasadı Azərbaycan yaşayış evləri ənənəsinə uyğun cənuba yönəlmişdir.
İmarətin ikinci binası planda uzunsov düzbucaq formada olub, iki otaqdan ibarətdir. Giriş qapısı və pəncərələri həyətə — şərqə yönəlmiş bu otaqlar da daş memarlığına xas olan tağbəndlərlə örtülüdür.


Şahbulaq sarayı


Şahbulaq saray kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Qarabağ xanlarının yay iqamətgahlarından biri olan saray kompleksi 1751-1752-ci illərdə inşa edilmişdir. Kompleksin mühafizə divarları yaxınlığında Xan sarayı yerləşirdi. Düzbucaqlı formada tikilən kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi. Şahbulaq saray kompleksinin yaxınlığında kiçik ibadət zalından və küləfirəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilmişdi.
Şahbulaq saray kompleksi 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra kompleksin daxilindəki məscid, hamam, Xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdılmışdır. Yalnız kompleksin mühafizə divarları qalmışdır.
2006-cı ildə Ermənistan Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Şahbulaq yaylağına ezam edildikdən sonra erməni alimləri orada aparılan qazıntıların nəticəsi olaraq iddia etdilər ki, guya “qədim erməni dövlətinin paytaxtlarından” biri olan Tiqranakert elə Şahbulaq yaylağında “gizlənibmiş”. Həmin vaxta qədər erməni alimləri birmənalı olaraq bəyan edirdilər ki, Tiqranakert şəhərinin qalıqları Türkiyə ərazisində Diyarbəkir şəhərinin yaxınlığındadır.
Deməli, ermənilərin “qədim paytaxtları” da gizlicə sürüşə-sürüşə gəlib Şahbulaq yaylağına çıxıbmış.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Məscid

1868-cı il

Ağdam şəhəri, M. F. Axundov küçəsi

Məbəd

VI-VIII əsrlər

Şahbulaq kəndi

Məbəd

VI əsr

Kəngərli kəndi


ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Çıraqtəpə yaşayış yeri

tunc dövrü

Ağdam şəhəri

Qarahacı yaşayış yeri

İlk tunc dövrü

Ağdam şəhəri

Qarahacı nekropolu

tunc dövrü

Ağdam şəhəri

Vəlixantəpə yaşayış yeri

Eneolit

Ağdam-Ağcabədi yolunun 1,5 km-də

Kurqan

tunc dövrü

Novruzlu kəndi

İlanlı təpə yaşayış yeri

eneolit-dəmir dövrü

Baş Qərvənd kəndi

Yaşayış yeri

Antik dövrü

Qərvənd kəndi

Kurqan çölü

e.ə. II-I minilliklər

Boyəhmədli kəndi

Boyəhmədli kurqanları (80-ə qədər)

ilk tunc dövrü

Boyəhmədli və Kəngərli kəndlərinin arasında

Gavurqala yaşayış yeri

ilk orta əsrlər

Boyəhmədli kəndinin cənubunda

Daş qutu nekropolu

ilk orta əsrlər

Boyəhmədli kəndi

Papravənd-Boyəhmədli

tunc və dəmir dövrü

Boyəhmədli kəndi

Qarapirim təpələri

tunc və ilk dəmir dövrü

Qarapirim kəndi

Güllütəpə—1 yaşayış yeri

III-XIII əsrlər

Papravənd kəndi

Güllütəpə-2 yaşayış yeri

son tunc dövrü

Papravənd kəndinin cənub-şərqində

Misir qışlağı yaşayış yeri

son tunc-ilk dəmir dövrü

Papravənd kəndi

Kurqanlar

son tunc-ilk dəmir dövrü

Papravənd kəndi

Qala qalıqları

orta əsrlər

Tarnaut kəndi

Yaşayış yeri

e.ə.V-II minilliklər

Mərzili kəndi

Nekropol

orta əsrlər

Kəngərli kəndi

Nekropol

Antik dövr

Seyidli kəndi

Yaşayış yeri

Antik dövr

Əlimədətli kəndi

Yaşayış yeri

Antik dövr

Göytəpə kəndi

Göytəpə yaşayış yeri

tunc dövrü

Göytəpə kəndi

Göytəpə kurqanları

tunc dövrü

Göytəpə kəndi

Yaşayış yeri

Antik dövr

Sarıhacılı kəndi

Çinartəpə yaşayış yeri

e.ə. II-I minilliklər

Sarıhacılı kəndi

Yaşayış yeri

Antik dövr

Əhmədavar kəndi

Yaşayış yeri

Antik dövr

Poladlı kəndi

Qasımtəpə yaşayış yeri

ilk tunc dövrü

Qiyaslı kəndi

Çinartəpə yaşayış yeri

tunc dövrü

Şelli kəndi

Xızmantəpə kurqanı

ilk tunc dövrü

Çuxurməhlə kəndi

Hüseyntəpə kurqanları

ilk tunc dövrü

Çuxurməhlə kəndi

Çuxurməhlə kurqanları

ilk tunc dövrü

Çuxurməhlə kəndi

Qaratəpə yaşayış yeri

son tunc-ilk dəmir dövrü

Şıxbabalı kəndi

Gülablı kurqanları

son tunc-ilk dəmir dövrü

Gülablı kəndi

Maqsudlu kurqanları

tunc dövrü

Maqsudlu kəndi

Töyrətəpə kurqanları

tunc və dəmir dövrü

Güllücə kəndi

Karvansara təpə və Çapar
yeri yaşayış yeri

ilk orta əsrlər

Güllücə kəndi


Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Pənah xanın imarəti

XVIII əsr

Ağdam şəhəri, 20 Yanvar küçəsi

Pənah xanın türbəsi

XIX əsr

Ağdam şəhəri

Xanoğlu türbəsi

XVIII əsr

Ağdam şəhəri

Türbə

XIX əsr

Ağdam şəhəri

Sərdabə

 

Ağdam şəhəri, 20 Yanvar küçəsi

Qalanın xarabalıqları

 

Gülüstan kəndinin cənub-şərq tərəfində

Qala qalıqları

XII-XIII əsrlər

Maqavuz kəndinin 8 kilometrliyində

Hatəm Məlik qalası

 

Qasapet kəndinin 5 kilometrliyində

Körpü

 

Madaqiz kəndi

Yegiş Arakel məbədi

XII əsr

Madaqiz kəndi

Ureq məbədi

XII əsr

Talış kəndinin qərbində

Körpü

 

Tərtər çayının üzərində

Məbəd

XIII əsr

Tərtər çayının yuxarı axarında

Məbəd

XIII əsr

Maqavuz kəndi

Kilsə

 

Cerabert kəndi

Qala

 

Cerabert kəndi

Cermuq qalası

 

Cerabert kəndi

Türbə

XVIII əsr

Papravənd kəndi

Türbə

XVIII əsr

Papravənd kəndi

Məscid

XVIII əsr

Papravənd kəndi

Məscid

XVIII əsr

Papravənd kəndi

İqamətgah

XVIII əsr

Şahbulaq kəndi

Karvansara

XVIII əsr

Şahbulaq kəndi

Bürc

XVIII əsr

Şahbulaq kəndi

Məbəd

XV əsr

Maqsudlu kəndi

Türbə

XVIII əsr

Maqsudlu kəndi

Məscid

XVIII əsr

Qiyaslı kəndi

Məbəd

XVI əsr

Salahlı Kəngərli kəndi

Məscid

XIX-XX əsrlər

Boyəhmədli kəndi

Türbə

XIV əsr

Kəngərli kəndi

Türbə

XIX əsr

Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbiristanlığında

Türbə

XIX əsr

Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbiristanlığında

Uğurlu bəyin türbəsi

XIX əsr

Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbiristanlığında

Türbə

XIX əsr

Ağdam şəhərinin 5 kilometrliyində,
Qaraağac qəbiristanlığında

Xanoğlu (Mehdiqulu xanın
oğlu Cavanşir Xəlil) məqbərəsi

XIX əsr

Ağdam şəhəri, 20 Yanvar küçəsi


ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Gavurqala şəhərgahı

orta əsrlər

Sofulu kəndi

Qəbiristanlıq

orta əsrlər

Papravənd kəndi

Qədim qəbiristanlıq

orta əsrlər

Qızıllı Kəngərli kəndi


BAĞ-PARK, MONUMENTAL VƏ XATİRƏ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Xurşud Banu Natəvanın qəbirüstü abidəsi

 

Ağdam şəhər, “İmarət” qəbiristanlığında

Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi

1985

Ağdam şəhəri, 28 May küçəsi