Xocalı rayonu


Xocalı rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazda, Qarabağ silsiləsinin şimal-şərq yamacındadır. Sahəsi 940 km2, əhalisi 26 500 nəfərdir (01.01.2011). İnzibati mərkəzi Xocalı şəhəridir. Rayonun ərazisi 26 fevral 1992-ci il tarixindən erməni silahlı qüvvələrinin işğalı altındadır.
Rayona Xocalı şəhəri, Əsgəran qəsəbəsi, Cəmilli, Meşəli, Dağyurd, Seyidbəyli, Ballıca, Xanbağı, Mehdibəyli, Harov, Dağdağan, Daşbulaq, Qayabaşı, Badara, Xanəzək, Suncinka, Qarabulaq, Dəmirçilər, Mədədkənd, Quşçubaba, Qızıloba, Haçmaç, Aşağı Yemişcan, Kosalar, Başkənd, Cavadlar, Yaloba, Canhəsən, Naxçıvanlı, Pircamal, Aranzəmin, Ağbulaq, Dəhraz, Təzəbinə, Sərdarkənd, Qışlaq, Xanabad, Ağgədik, Qılıçbağ, Almalı, Qarakötük, Pirlər, Fərrux, Daşbaşı, Çanaqçı, Sığnaq, Şuşakənd, Daşkənd kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 11 orta məktəb, 1 ibtidai məktəb, uşaq yaradıcılıq mərkəzi, 3 musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, 20 klub, 29 kitabxana, mərkəzi rayon xəstəxanası, 13 tibb məntəqəsi, 4 həkim ambulatoriyası fəaliyyət göstərib.
İşğaldan əvvəl Xocalı rayonu ərazisində XVIII əsrə aid Əsgəran qalası, qədim memarlıq abidələri, bizim eranın XIV əsrinə aid edilən səkkiz guşəli günbəz, türbələr və əsasən Son Tunc və Еrкәn Dəmir dövrünə (b.e. əvvəl XIII əsrdən VII-VI əsrə kimi) aid edilən Xocalı abidələr kompleksi - 5 adda 11 nəhəng torpaq kurqan, daş kurqanlar, torpaq-daş kurqanlar, siklop tikililər (Qalaçalar), nekropollar, menhirlər (5-10 ton ağırlığında nəhəng sivri daşlar), daş sənduqə qəbirlər, daş kitabələr və daş qutular olmuşdur.


Əsgəran qalası


Xocalı rayonunun Əsgəran qəsəbəsi yaxınlığında yerləşən və Şuşadan 24 km məsafədə olan Əsgəran qalasının dağlıq relyefə və Qarqar çayının enli yatağına uyğun ikihissəli quruluşu var.
Tarixçi Mir Mehdi Xəzani “Kitabi-tarixi-Qarabağ” əsərində yazır ki, İbrahim xanın 1787-ci ildə tikdirdiyi bu qalada yerləşdirilən piyada qoşun xanlığın paytaxtı Şuşa şəhərinə şərqdən olan düşmən basqınlarının qarşısını almaq məqsədilə inşa edilmişdir.
Əsgəran qalası öz quruluşuna görə daha çox müdafiə səddinə bənzəyir. Onu Azərbaycanın çoxəsrlik müdafiə sədləri ənənəsinin son örnəyi saymaq olar. Gözəl və qeyri-adi landşaftı olan bir yerdə salınması, ağır və bütöv həcmlərin ətraf təbiətlə üzvi bağlılığı Əsgəran qalasının memarlığına son dərəcə təsirli görünüş verir.


Xocalı türbəsi


XIV əsrə aid abidələrdən biri də, Xocalı kurqanları sahəsində, yonulmuş ağ daşlardan tikilmiş Xocalı abidəsidir. Abidənin on iki bucaqlı quruluşda olması və giriş qapısının çox qabarıq, lakin sadə daşdan oyma ornamentlə işlənməsi, Xocalı türbəsini dövrün başqa abidələrindən xeyli fərqləndirir. Xocalı türbəsinin daş üzü qopub töküldüyündən, onun xarici görünüşü qeyri-adi bir şəkil almışdır.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adı

Tarix

Yerləşdiyi ünvan

Türbə

XIV əsr

Xocalı şəhəri

Alban məbədi

1100-cü il

Çanaxçı kəndi

Alban məbədi

1065-ci il

Çanaxçı kəndi

Alban məbədi

905-ci il

Şuşakənd kəndi

Alban məbədi

1122-ci il

Xanyeri kəndi

Alban məbədi

1100-ci il

Xaçmaç kəndi

Alban məbədi

1202-ci il

Armudlu kəndi

Qala

X əsr

Maşxmaat kəndi

Qırxlar qalası

Orta əsrlər

Badara kəndi

Məbəd kompleksi

VII əsr

Badara kəndi

Qala

 

Daşbaşı meşəsi

Əsgəran qalası

XVIII əsr

Əsgəran qəsəbəsi

Asian qalası

IX əsr

Anabert kəndi

Kilsə

XIII əsr

Xanabad kəndi


ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Daş qutu nekropolu

Tunc dövrü

Xocalı şəhəri, Əsgəran dağında

Nekropol

ilk və orta tunc dövrü

Xankəndindən cənubda

Küp qəbirlər nekropolu

ilk orta əsrlər

Xankəndinin kərpic zavodunun ərazisində

Kurqan

dəmir dövrü

Xankəndinin yaxınlığında

Xankəndi kurqanları

Tunc dövrü

Xankəndinin şimalında

Xaçınçay kurqanları

ilk və orta tunc dövrü

Seyidşən kəndindən şimal-şərqdə

Küp qəbirləri nekropolu

Tunc dövrü

Armudlu talası

Kurqan

Tunc dövrü

Armudlu talası

Daş qutu nekropolu

dəmir dövrü

Armudlu talası

Köhnə qəbiristanlıq

Tunc dövrü

Çanaqçı kəndi

Daş qutu nekropolu

dəmir dövrü

Dağyurd kəndi

Daş qutu nekropolu

dəmir dövrü

Dağyurd kəndi, dağın ətəyində