Tərtər rayonu


Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə çox yaxın olan Tərtər rayonunun yaşayış məntəqələrinə Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində xeyli zərər dəymişdir.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonunun inzibati bölgüsünə daxil edilmişdir. Hazırda keçmiş Ağdərə rayonundan Tərtər rayonuna verilən Ağdərə şəhəri və kəndlərdən 13-ü ermənilərin işğalı altındadır.
Ümumiyyətlə, Ermənistanın hərbi təcavüzü nəticəsində Tərtər rayonunun 20 sosial və texniki infrastrukturuna zərər dəymişdir. 6 səhiyyə obyekti, 7 uşaq bağçası və 7 məktəb erməni təcavüzündən zərər görmüşdür. Tərtər rayonunda 15 tarixi və mədəniyyət abidəsi erməni vandalları tərəfindən dağıntılara məruz qoyulmuşdur.


Müqəddəs Yelisey məbəd kompleksi


Müqəddəs Yelisey kilsəsi Tərtər rayonunun Mağavuz (Madagiz) kəndinin şimal-şərqində, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Rəvayətə görə məbəd Albaniyada ilk xristian təbliğatçısı Yeliseyin şərəfinə V əsrdə tikilmişdir.
Kompleks hər tərəfdən qala divarları ilə əhatə olunmuşdur. Qalanın qərb darvazası müdafiə nöqteyi-nəzərdən diqqəti cəlb edir. Qalanın içərisində on səkkiz müxtəlif tipli tikintilər vardır. Bunlar - baş məbəd, kiçik kilsələr, ikimərtəbəli yaşayış evi, təsərrüfat binaları və tövlələrdir.
Baş məbəd iki otaqdan ibarətdir. Birinci otaq kvadrat formalı olub, iki sütun və iki yarımsütun vasitəsilə üç nefə bölünür. Orta nef yanındakılara nisbətən xeyli hündürdür. Neflər silindrik tağbəndlə örtülmüşdür. İkinci otaq - ibadət zalı uzunsov olub, tağbəndlə örtülmüşdür.
Məbədin fasadlarına yaxşı yonulmuş daşdan üz çəkilmişdir. Birinci otağın damında zəng asmaq üçün dördsütunlu rotonda düzəldilmişdir.
Kompleksin ikinci binası - baş məbədin sağ tərəfində yerləşən nisbətən böyük olmayan kilsədir.
Baş məbədin sol və sağ tərəfində altı kiçik kilsə binası yerləşir.
Qaladan 1 km aralı çayın üzərində tikilmiş biraşırımlı körpü qala ilə əlaqə yaradan əsas vasitə idi. Müqəddəs Yelisey məbədi kompleksinin tikilmə tarixi XIV əsrə aiddir.
Müqəddəs Yelisey kilsəsi hazırda Tərtər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazisindədir.


Sərsəng su anbarı


Sərsəng su anbarı 1976-cı ildə keçmiş Ağdərə rayonu ərazisində Tərtər çayı üzərində inşa olunub. 560 milyon kubmetr su tutumu var və Mingəçevir, Şəmkir su anbarı, Araz su qovşağından sonra həcminə görə Azərbaycanın dördüncü böyük su anbarıdır. Vaxtilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının 100 min hektara yaxın əkin sahəsi buradan suvarılırdı. Sərsəng su anbarı dəniz səviyyəsindən təxminən 700 metr yüksəklikdə yerləşir və Azərbaycanın ən hündür relyefə malik su anbarıdır. Bəndinin hündürlüyü 125 metrdir. Sərsəng su anbarı çox böyük texniki parametrləri olan əhəmiyyətli bir meliorasiya obyektidir. Vaxtilə Azərbaycan mütəxəssisləri tərəfindən bəndin təhlükəsizliyi ilə bağlı mütəmadi profilaktik təmir işləri görülüb. Lakin su anbarı 1993-cü ildə işğal edildikdən sonra texniki və təhlükəsizlik baxımından faktiki nəzarətsiz qalıb. Erməni tərəf bununla bağlı hər hansı tədbir, bənd bərkitmə işləri görmür. Su anbarı 40 ilə yaxındır ki, tikilib və son 20 ildən çoxdur ki, burada təbii aşınma proseslərinə nəzarət edilmir və o texnogen təhlükə mənbəyinə çevrilir. Digər tərəfdən, erməni tərəf suvarma üçün lazım olan vaxtlarda anbarın illik su normasının yalnız 10-15 faizini buraxır və ətraf ərazilərdə əkin sahələri quraqlıqdan məhv olur. Qış aylarında isə anbardan illik su sərfinin 85-90 faizini qəsdən buraxır ki, bu da başqa bir ekoloji gərginliyə, sel və daşqınlara səbəb olur. Baş verəcək hər hansı təbii kataklizm, zəlzələ və s. isə bəndin dağılmasına, regionunun humanitar və ekoloji fəlakətinə səbəb ola bilər. Bu baxımdan su anbarından aşağıda yaşayan 400 minə yaxın əhali daim təhlükə altındadır.


“Urek” məbədi


Rayon ərazisində ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələrindən biri  də Talış kəndində yerləşən “Urek” məbədidir. “Urek” məbədi XII əsrə aid alban abidəsidir. Hazırda Tərtər rayonun işğal olunmuş ərazisindədir.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

“Urek” məbədi

XII əsr.

Talış kəndi

Qala

XIII-XIV əsrlər.

Talış kəndi

Müqəddəs Yelisey kilsəsi

V-XIII əsrlər

Madagiz kəndinin yaxınlığında

Körpü

XII-XIII əsrlər

Madagiz kəndi

Üçkilsə monastırı

 

Tonaşen kəndi

Qala

XII-XIII əsrlər

Çiləburt kəndi

Qalanın xarabalıqları

XII-XIII əsrlər

Çardaqlı kəndi

Məlik Hətəm qalası

XVIII əsr.

Kiçik Qarabay kəndi

Alban məbədi

Orta əsrlər

Qasapet kəndi

Qala

 Orta əsrlər

Umudlu kəndi

Qədim yaşayış yeri

 

Umudlu kəndi

Hamam

 

Umudlu kəndi

Hamam

 

Umudlu kəndi


ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Qəbiristanlıq

Orta əsrlər

Qasapet kəndi

Yaşayış yeri

Orta əsrlər

Çardaqlı kəndi